PREZİDENT İLHAM ƏLİYEV SLOVAKİYADA SƏFƏRDƏDİR
Baxış sayı: 22
Prezidenti İlham Əliyev dekabrın 8-də Slovakiya Respublikasına rəsmi səfərə gəlib. Bratislava şəhərinin Milan Ştefanik adına Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlətimizin başçısını Slovakiya Respublikası Prezidenti Aparatının rəhbəri Peter Vodraşka və digər rəsmi şəxslər qarşıladılar.
Dekabrın 8-də Bratislavada Prezident İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrini ilə təkbətək görüşü olub.
Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini dekabrın 8-də Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər.Əvvəlcə Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirildi. Prezident İlham Əliyev və Prezident Peter Pelleqrini abidənin önünə əklil qoydular.Qeyd edək ki, bu abidə 1948-1989-cu illərdə keçmiş Çexoslovakiyadan qaçmağa çalışan zaman həlak olanların xatirəsinə həsr edilib.
Prezident İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini dekabrın 8-də Bratislavada Devin qəsrində olublar. Dövlətimizin başçısına Morava və Dunay çaylarının qovuşduğu məkanda yerləşən qədim qəsr barədə məlumat verildi. Bildirildi ki, Slovakiyanın rəmzlərindən biri olan Devin qəsri bu ölkənin milli mədəniyyət abidələri siyahısına daxildir. Yazılı mənbələrdə Devin adına ilk dəfə 864-cü ilə təsadüf edən salnamələrdə rast gəlinir. Qəsr 822-907-ci illərdə mövcud olmuş Böyük Moraviyanın tarixində mühüm rol oynayıb. XIII əsrdə Devin macarların kral və sərhəd qalası olub. 1809-cu ildə Napoleonun ordusu qalanı minalayaraq partladıb. 1896-cı ildə qalanın dağılmasının rəmzi olaraq burada abidə ucaldılıb. Birinci Dünya müharibəsindən sonra qala qalıqlarının üzərində olan dağ massivində ilk mağaralar aşkarlanıb. Ərazidə ümumilikdə fasilələrlə bir əsrdən artıqdır ki, arxeoloji araşdırmalar aparılıb. Minilliklər boyunca Devin qalası qədim insanların məskəni, eyni zamanda, tacirlər və döyüşçülər üçün toplanış yeri olub.
